SOCAR təşkilatçılığı ilə keçirilən tədbirdə, media nümayəndələri SOCAR-ın “Eko park”ında media-tur və yaşıl enerji gündəliyi barədə məlumatlandırma sessiyasında iştirak ediblər. Bu tədbir “Yaşıl dünya naminə həmrəylik ili”, “Əsrin müqaviləsi”nin 30 illiyi və Milli Mətbuat Günü münasibətilə təşkil olunub.
Əvvəlcə, media nümayəndələri “Eko park”ın ərazisi ilə tanış olub və görülən işlər barədə məlumat alıblar. Daha sonra SOCAR-ın yaşıl gündəliyi üzrə təqdimatlar edilib.
SOCAR-ın mətbuat katibi Orxan Hüseynov, media nümayəndələrini 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edərək, onların əzmkar fəaliyyətlərində uğurlar diləyib. O, SOCAR-ın fəaliyyətində media ilə səmərəli əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini və bu kimi tədbirlərin media ilə əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıb. Həmçinin, SOCAR-ın 2035-ci ilədək Korporativ Strategiyasında müəyyənləşdirilən strateji hədəfləri və neft-qaz şirkətindən beynəlxalq enerji şirkətinə transformasiyası istiqamətində görülən işlər barədə məlumat verib.
SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı, “SOCAR-ın dekarbonizasiya strategiyası və gələcək perspektivlər” mövzusunda təqdimatla çıxış edib. O, SOCAR-ın yaşıl gündəlik üzrə götürdüyü öhdəliklərdən, həyata keçirilən tədbirlərdən və layihələrdən bəhs edərək, enerji keçidinin şirkətin prioritet inkişaf istiqamətlərindən biri kimi təsbit edildiyini vurğulayıb. Qurbanlı, 2050-ci ildə bütün əməliyyatlarda “Xalis sıfır”a nail olmanın şirkətin əsas hədəflərindən olduğunu diqqətə çatdırıb və bərpa olunan enerji mənbələrinin genişləndirilməsi strategiyasına uyğun olaraq tərəfdaş şirkətlərlə birgə görülən işlərdən bəhs edib.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktorunun köməkçisi Sabutay Əliyev, tullantıların idarə olunması, rekultivasiya prosesi, iməcilik, abadlaşdırma və ağacəkmə aksiyaları barədə məlumat verib. “Neftqaztikinti” trestinin müdiri Qağaməli Seyfullayev isə Bakı buxtası və sahil zonasında iri qabaritli tullantıların çıxarılması və utilizasiyası üzrə görülən işlərdən danışıb.
Tədbirdə mövzu üzrə müzakirələr aparılıb və media nümayəndələrinin sualları cavablandırılıb.