Şəki şəhərində keçirilən növbəti “KOB FEST” sərgi-satış yarmarkasında Qax, Balakən, Şəki və Qəbələdən olan 70-dən çox mikro və kiçik sahibkarın məhsul və xidmətləri nümayiş olunur. Tədbirdə ipək kələğayı, xalçalar, lavanda, bal, arıçılıq məhsulları, qurudulmuş meyvələr, keramika, suvenirlər və daha çox məhsullar sərgilənir və satılır.
Açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və millət vəkili Vüqar İskəndərov çıxış edərək tədbirin KOB-ların satış imkanlarını genişləndirməsinə və yerli sahibkarlar arasında əlaqələrin qurulmasına faydalı olduğunu vurğuladılar. Yarmarka iyulun 20-dək hər gün saat 10.00-dan 18.00-dək fəaliyyət göstərəcək.
Növbəti “KOB FEST” yarmarkasının Gəncə şəhərində keçirilməsi planlaşdırılır.