Şuşada “İslam dünyasında qadın: ənənə və müasir çağırışlar” mövzusunda keçirilən panel iclasında müxtəlif sahələrdən nümayəndələr iştirak ediblər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə keçirilən iclasda qadınların təhsil və hüquqları, Qarabağın quruculuğu və dayanıqlı inkişafı kimi mövzular müzakirə edilib.
İclasda qadınların təhsili mövzusunda statistik məlumatlar paylaşılmış və müsəlman qadınlarının təhsilalma hüquqlarının əhəmiyyəti vurğulanıb. Paneldə, həmçinin Qarabağın tarixində qadınların rolu, gender bərabərliyi, ətraf mühit və islam baxışları kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Məruzəçilər arasında Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Nərgiz Qaracayeva, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, VI çağırış Milli Məclisin deputatı Ceyhun Məmmədov və başqaları olub. Tədbirdə qadınların ictimai və siyasi sahələrdəki roluna dair çıxışlar və tarixi faktlar təqdim edilib.